Bakı. Trend:
"Rəqəmsal Sənəd Dövriyyəsi" (RSD) sisteminə artıq 1 700-dən çox təşkilat inteqrasiya olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "mygov" rəqəmsal hökumət platformasının yenilənmiş versiyasının təqdimatında bildirib.
O qeyd edib ki, COP29-un sədri kimi Azərbaycan, davamlı və innovativ rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir.
"Bu həllərdən biri olan "Rəqəmsal Sənəd Dövriyyəsi" (RSD) sistemi, proseslərin effektivliyini əhəmiyyətli dərəcədə artırır və ətraf mühitə təsirini azaldır. RSD-nin istifadəsi dövlət qurumlarına aylıq 500 mindən çox kağız səhifəsini qənaət etməyə imkan verir, bu isə ildə təxminən 2 min ağacın qorunmasına bərabərdir. Hazırda sistemə 1 700-dən çox təşkilat inteqrasiya olunub, bu da onun dövlət rəqəmsallaşması çərçivəsindəki əhəmiyyətini və uğurunu vurğulayır", - deyə o bildirib.
2024-cü ilin sentyabrın 1-nə olan olan məlumata görə, informasiya təhlükəsizliyi ilə bağlı müsbət rəy alan 63 dövlət qurumu "rəqəmsal sənəd dövriyyəsi"altsisteminə qoşulub.
Qeyd edək ki, 1 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanları (qurumları) arasında sənəd dövriyyəsinin rəqəmsallaşdırılması" sərəncamının 8-ci bəndinə uyğun olaraq, informasiya təhlükəsizliyi üzrə Xidmətə dövlət orqanları tərəfindən istifadə olunan elektron sənəd dövriyyəsi sistemlərinin və Rəqəmsal sənəd dövriyyəsi alt sisteminin informasiya təhlükəsizliyi tələblərinə uyğunluğunu təsdiq etmə və onların mühafizə olunmuş telekommunikasiya əlaqəsini təmin etmə vəzifəsi qoyulub.