Bakı. Trend:
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür.
Trend-in məlumatına görə, Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində dünyaya gəlib. O, 1975-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb və 1979-cu ildə fərqlənmə diplomu ilə məzun olub. Daha sonra bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi olaraq çalışıb. 1980-1982-ci illərdə isə hərbi xidmətdə olub.
Əliyar Əliyev, respublikanın tanınmış idmançılarından biri kimi, klassik güləşdə bir çox respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olmuşdur. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu, bir nəfəri isə Olimpiya yığma komandasının üzvü olub.
Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda, Əliyar Əliyev cəbhəyə könüllü gedənlərdən biri olub. Tabor komandiri olaraq, dəfələrlə düşmənə ağır zərbələr endirib.
1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçın kəndlərini 4 gün ərzində azad etməyə böyük yardım edib.
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində baş verib. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.
O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn edilib. Azərbaycan prezidenti tərəfindən ölümündən sonra Milli Qəhrəman fəxri adı ilə təltif olunub.
Aliyar Əliyevin tələbələrindən biri olan general-mayor Mais Bərxudarov, Milli Qəhrəmanın ruhunu şad etmək məqsədilə Qubadlıya üçrəngli bayraq sancacağını bildirmişdi. Bu bayraq 25 oktyabrda Qubadlıya sancıldı, həmin gün Qubadlı 27 ildən sonra işğaldan azad edildi.
Qubadlı işğaldan azad edildikdən sonra, Əliyar Əliyevin qəbirüstü abidəsi bərpa edilib.