Bakı. Trend:
Azərbaycanda turizm zonalarında bir sıra fəaliyyətlər qadağan olunur.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli
Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Turizm
haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan
dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində bəzi
fəaliyyət növlərinin həyata keçirilməsi (kimya sənayesi,
metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi
və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilir.
Belə ki, layihə sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırma məqsədi ilə hazırlanıb.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.