Bakı. Trend:
İqlim dəyişikliyi və onun sağlamlığa təsiri məsələləri fövqəladə haldır.
Trend xəbər verir ki, bu sözləri bu gün TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı çıxış edən Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komisiyyasının sədri Vedat Bilgin deyib.
O bildirib ki, insan və təbiət arasında tarazlığın qurulması hər dəfə yalnız bir cəmiyyət və bir ölkə ilə məhdudlaşmayan, bütün insanları əhatə edə biləcək nəticələrə gətirib çıxarır.
"Müasir dövrdəki iqlim dəyişikliklərinə səbəb insanlarla təbiət arasında təbii mühitin pozulmasıdır. Xərçəng xəstəliklərinin sürətli şəkildə yayılmasının iqlim dəyişiklikləri ilə əlaqəli olduğunu da bilirik. Bir çox ölkədə bu hallar yaşanır. Bu insanlıq üçün bir təhlükədir.
Bizim təkcə havamız deyil torpağımız da pozulub. Torpağın təbii olmayan gübrələrlə belə yüklənməsi ona ziyan vurur." - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir.