Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi fonunda havanın temperaturunun tədricən yüksəlməsi bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsini yaradır.
Trend xəbər verir ki, bu barədə FHN-in müraciətində bildirilib.
"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır. Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Uçqun sizi yaxalayıbsa:
- nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf,
əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
- qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya
kənarına çıxmağa çalışın;
- axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla
döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
- uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada
olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək
olar);
- qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair
hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və
istiliyi azaldır.
- soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya
getməyin.
Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!",- deyə müraciətdə qeyd edilib.