Bakı. Trend:
“Azərbaycan Hava Yolları” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında əmək yarmarkası keçirilib.
Bu təşəbbüs, Böyük Qayıdış proqramı çərçivəsində Laçın əsilli vətəndaşlara 2025-ci ildə fəaliyyətə başlayacaq Laçın Beynəlxalq Hava Limanında iş imkanları yaratmaq və onların hava nəqliyyatı sektorunda karyera qurmasına dəstək olmaq məqsədilə həyata keçirilib.
Yarmarka çərçivəsində uçuşların elektrik-işıq texniki təminatı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizliyi, texnoloji avadanlıqların istismarı və təmiri sahələri üzrə 110-dan çox vakansiya təqdim edilib.
Əmək yarmarkasında 100-ə yaxın Laçın sakini iş üçün müraciət edib. Tədbir zamanı iştirakçılara hava limanında iş şəraiti, vakansiyalar üzrə tələblər barədə ətraflı məlumat verilib.
Daxil olan bütün müraciətlər operativ şəkildə qiymətləndiriləcək və uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədən uğurla keçən şəxslər Laçın Beynəlxalq Hava Limanında müvafiq vəzifələr üzrə işlə təmin ediləcəklər.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturunun inkişafına deyil, həm də regionun sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verəcək. Yeni hava limanı məşğulluğun artırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də turizmin inkişafı baxımından strateji əhəmiyyətə malikdir.