...

Reseptlərin yalnız SN və TƏBİB tərəfindən onlayn verilməsi təklif edilir

Cəmiyyət Materials 18 Mart 2025 12:00 (UTC +04:00)
Reseptlərin yalnız SN və TƏBİB tərəfindən onlayn verilməsi təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gizli reklamlar özünü yalnız reklam daşıyıcısı olan rəqəmsal platformalarda, o cümlədən, sosial şəbəkələrdə, radio və televiziya kanallarında, media resurslarında büruzə vermir. Ən böyük və effektiv, həm də təhrikedici xarakter daşıyan gizli reklamlar dərman şirkətləri ilə işbirliyində olan həkimlərin pasiyentlərə yazdıqları reseptlərdədir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu qəbildən olan problemlərin qarşısının alınması üçün nəzarət imkanları yaradan və şəffaflığı təmin edə biləcək mexanizmlərin yaradılmasını zəruri sayır.

“Belə mexanizmlərdən biri də reseptlərin, istisnasız olaraq, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən yaradılan onlayn platforma üzərindən verilməsi və həmin platformanın qanunların icrasına nəzarət edən qurumlar üçün də açıq olmasıdır. Yalnız bu halda şəffaflıq təmin edilə və bəzən cinayət xarakteri daşıyan işbirliyinə son qoyula, beləliklə də istehlakçıların hüquqları tam mənada qoruna bilər.

Musa Quliyev tamamilə haqlı olaraq, bu gün müzakirə etdiyimiz qanun layihəsinin də bəzi məqamlarını əhatə edən problemlərə, telekanallar vasitəsilə ayrı-ayrı həkimlərin, tibb müəssisələrinin müxtəlif məzmunlu verilişlərdə insanların emosiyalarına toxunulmaqla, onları təlaşlandırmaqla reklam edilməsinə diqqət çəkdi.

Qeyd edim ki, bu problem bir neçə telekanal və radio istisna olunmaqla bütün audiovizual yayımçılarda nəzərə çarpır və hətta əsas gəlir mənbələrindən birinə çevrilib. Səhər saatlarından etibarən radiolardan və telekanallardan xəstəliklərin adı və onların simtomları təlaşlandırıcı bir formada, həyacanlı səslə və müsiqinin müşaiyəti ilə davamlı olaraq təkrarlanır. İnsanlara psixoloji təzyiq göstərilir və onlara xəstə olduqları aşılanır. Hətta tamamilə sağlam insan belə belə total psixoloji təzyiqin altında özünün xəstə olduğunu düşünə bilər.

Bu səbəbdən də eyni problemlərin aradan qaldırılması üçün məsələnin hissə-hissə yox, birdəfəlik həll edilməsinin zəruriliyini və qardaş Türkiyənin tibb sahəsindəki hüquqi-normativ aktlarının izahında bildirildiyi kimi “Bütün müvafiq hüquqi və etik qaydalara uyğun olaraq, səhiyyə sahəsində reklamın aparılmasının qəti qadağan edilməsi”nin vacib olduğunu düşünürəm”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti