...

Naxçıvanda 4 auditlə bağlı materiallar Baş Prokurorluq və DTX-yə göndərilib

Cəmiyyət Materials 15 Aprel 2025 11:56 (UTC +04:00)
Naxçıvanda 4 auditlə bağlı materiallar Baş Prokurorluq və DTX-yə göndərilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq, həyata keçirilmiş 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə oluann “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında öz əksini tapıb.

Sənədə əsasən, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilmiş və nəticələri rəsmiləşdirilib.

2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 mln. manat maliyyə pozuntusu aşkarlanıb, bunun 12,7 mln. manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 mln. manatı bank hesabında saxlanmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub.

İdarə tərəfindən keçirilmiş auditlərlə maliyyə hesabatları üzrə 19,0 mln. manat məbləğində təhrif aşkarlanıb ki, bunun da 18,3 mln. manatı əhəmiyyətli təhriflərdən ibarət olub.

Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 mln. manata bərabər olub. 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Xəbər lenti

Xəbər lenti