Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aqrar sektorda iqlim təşəbbüslərinin icrasında Azərbaycanı dəstəkləyir.
Trend xəbər verir ki, bunu FAO Baş direktorunun köməkçisi, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan iqlim təşəbbüsləri sahəsində öz liderliyini nümayiş etdirir, xüsusilə də kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi istiqamətlərində.
V.Qutu qeyd edib ki, Bakı son illərin ən səmərəli iqlim sammitlərindən biri olan COP29-un uğuru ilə assosiasiya olunur.
Onun sözlərinə görə, COP29 və FAO-nun dəstəyi ilə həyata keçirilən “Baku Harmony Climate Initiative for Farmers” təşəbbüsünün işə salınması fermerlərin və kənd icmalarının iqlim dəyişikliyi ilə mübarizəyə cəlb olunmasında mühüm addım olub. Bu təşəbbüs ərzaq və kənd təsərrüfatı sistemləri üçün iqlim maliyyələşməsinin genişləndirilməsini hədəfləyən “Food Agriculture for Sustainable Transformation” (FAST Partnership) çərçivəsində flaqman proqrama çevrilib.
Qeyd olunub ki, FAO kənd təsərrüfatı zəncirlərinin müasirləşdirilməsi, rəqəmsallaşdırılması, laboratoriyaların və sertifikatlaşdırma sistemlərinin gücləndirilməsi, həmçinin təsərrüfatların davamlılığını izləmək üçün pilot monitorinq sisteminin işə salınması istiqamətində Azərbaycanla fəal əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə biomüxtəlifliyin qorunması, davamlı meşə təsərrüfatı, torpaqların deqradasiyası ilə mübarizə və pestisidlərin idarə olunması üzrə layihələr həyata keçirilir.