Bakı. Trend:
Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının rəsmi açılış mərasimi keçirilir.
Trend xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub.
Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.
İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılacaq.
Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edecəklər.
Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçiriləcək. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak edəcək. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan komandaları yer alıb. Qalib komandalar 30 min manatlıq mükafat fonduna sahib olacaqlar.