Bakı. Trend:
9 dekabr 2025-ci il tarixində Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr olunmuş tədbirlər silsiləsinin ilk mərhələsi – “Rəşid Behbudov 110” adlı dəyirmi masa keçirilib.
Trend xəbər verir ki, görüş Prezident Kitabxanasının İncəsənət zalında baş tutub.
Tədbirdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini təmsil edən tanınmış incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
Dəyirmi masa Prezident Kitabxanasının direktoru, professor Afət Abbasovanın giriş nitqi ilə açılıb. Professor Abbasova qonaqları salamlayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəni irsin davamlı inkişafına dair formalaşdırdığı strateji baxış bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir və müasir siyasətin əsasını təşkil edir. Onun sözlərinə görə, silsilə tədbirlərin başlanğıcı Rəşid Behbudovun yubileyinə həsr olunması həmin siyasətin məntiqi davamıdır.
O həmçinin qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan musiqi irsinin qorunması, sistemli şəkildə toplanması və dünyada tanıdılması istiqamətində gördüyü işlər xüsusi dəyər daşıyır. Professor Abbasova vurğulayıb ki, Mehriban xanım Əliyeva təkcə musiqi mədəniyyətimizin inkişafında deyil, ümumilikdə milli-mədəni irsimizin beynəlxalq səviyyədə təqdimatında müstəsna rol oynayır və bu mənada Azərbaycan mədəniyyətinin əsl himayədarı və ilhamverici simasıdır.
Tədbirdə SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli müğənni Rəşid Behbudova həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarx sənətkarın zəngin ifa irsini və vokal məktəbinin özünəməxsus xüsusiyyətlərini göstərib, həmçinin onun Azərbaycan musiqisinin dünyada tanıdılmasındakı töhfələrini əks etdirib.
Dəyirmi masa çərçivəsində Xalq artisti, bəstəkar Faiq Sücəddinov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında oynadığı rol, ifaçı məktəbinin təsiri, musiqi və teatr sahəsində gətirdiyi yeniliklər, eləcə də həyatı, yaradıcılığı və xatirələri barədə fikirlərini bölüşüblər. Tədbirin gedişində Xalq artisti Faiq Sücəddinov, Orxan Cəlilov, Əməkdar artist Emil Əfrasiyab və Əməkdar artist Ramil Qasımov tərəfindən musiqi çıxışları təqdim olunub.
Sonda professor Afət Abbasova yekun nitqində dəyirmi masada səslənən məruzə və mülahizələrin Rəşid Behbudov irsinin daha dərindən anlaşılmasına töhfə verdiyini vurğulayıb və iştirakçılara təşəkkürünü bildirib. O qeyd edib ki, bu görüş silsilənin ilk tədbiridir və qarşıdakı görüşlər də Azərbaycan mədəniyyətinin aparıcı simalarını bir araya gətirəcək.
