Bakı. Trend:
10 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyində SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, SOCAR tərəfindən həyata keçirilən layihələr və onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və AİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.
Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nın üzvləri tərəfindən müzakirələr aparılıb. İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.
