Bakı.Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib.
Parkda sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, park ərazisi tamet daşları ilə döşənib, yeni oturacaqlar qoyulub, idman avadanlıqları yerləşdirilib, uşaqlar üçün müasir və təhlükəsiz oyun-əyləncə qurğuları quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən gecə işıqlandırma sistemi quraşdırılıb, mövcud fəvvarə yenilənib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon rəsmiləri əvvəlcə parkda Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Təntənəli açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün ölkələrdə yaşayan soydaşlarımızı birliyə və həmrəyliyə çağıran tarixi bir gündür.
Elnur Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirlərdən və həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışıb. Görülən işlərin davamı olaraq Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkının əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, Xaçmaz rayonunda bu cür layihələr mərhələli şəkildə davam etdiriləcək.
Sakinlər son illər Xudat şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Rəsmi hissədən sonra yenilənən parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə geniş konsert proqramı təşkil olunub. Rayonun incəsənət adamları, bədii özfəaliyyət dərnəkləri və uşaq musiqi məktəblərinin kollektivləri musiqili proqramla çıxış ediblər. Səsləndirilən mahnılar və şeirlər, müxtəlif rəqs qruplarının çıxışları iştirakçılarda xoş ovqat yaradıb.
Sonda rayonun ictimai-mədəni həyatında fəal iştiraklarına və respublikada keçirilən müxtəlif rəqs müsabiqələrində əldə etdikləri uğurlara görə “Azəri”, “Xudat” və “Xaçmaz inciləri” rəqs qrupları Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.