...

TƏBİB stomatoloqların etirazlarına münasibət bildirib

Cəmiyyət Materials 7 Yanvar 2026 14:41 (UTC +04:00)
TƏBİB stomatoloqların etirazlarına münasibət bildirib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb.

Qeyd olunub ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində sığortaolunan şəxslərə tibbi xidmətlərin ödənişsiz göstərilməsini təmin edir:

"Bununla yanaşı, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən, Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarları ilə tənzimlənir.

Stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli 18-1/17-Q/2025 nömrəli qərarı ilə təsdiq edilib.

Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib".

"Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir".

Qeyd edək ki, rayonlarda fəaliyyət göstərən stomatoloqlar ixtisarlara etiraz olaraq TƏBİB-in qarşısında etiraz aksiyası keçiriblər. Təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan etitaz aksiyası üçün Bakıya gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti