Bakı. Trend:
İnsan orqanizimində D vitamininin əvəzolunmaz rolu var və o bir çox sağlamlıq parametrlərinin indikatorudur. Eyni zamanda, bu vitamin çatışmazlığının hamilə qadınların sağlamlığına da təsiri var.
Trend xəbər verir ki, D vitamini dedikdə nə başa düşülür və onun qəbul edilmə yolları, sağlamlığa təsiri barədə və çatışmazlığının fəsadları ilə bağlı suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva aydınlıq gətirib.
Aynurə xanım, D Vitamini nədir və onun funksiyaları?
- D vitamini çox vaxt “günəş vitamini” kimi tanınır, çünki insan
orqanizmi onu əsasən günəş şüalarının təsiri ilə özü sintez edir.
Lakin, bu sadə vitamin anlayışından daha artıqdır. D vitamini
əslində hormonabənzər bir maddədir və hüceyrə səviyyəsində minlərlə
prosesin idarəsində iştirak edir. Bu vitamin yağda həll olunur,
qaraciyər və böyrəklərdə aktiv formaya çevrilərək öz funksiyasını
yerinə yetirir.
Orqanizmdə D vitamininin əsas funksiyası kalsium və fosforun
bağırsaqlarda sorulmasını təmin etməkdir. Bu, sümüklərin
möhkəmliyini qorumaq və diş strukturunun normal inkişafı üçün
vacibdir. Bundan əlavə, D vitamini əzələlərin gücünü, sinir
sisteminin işləməsini və immun sisteminin effektiv fəaliyyətini
dəstəkləyir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı
təkcə fiziki deyil, həm də psixoloji pozuntulara səbəb ola bilər –
məsələn, depressiya, yuxusuzluq və konsentrasiya pozuntuları.
Beləliklə, D vitamini təkcə sümük sağlamlığı üçün deyil, həm də
ümumi həyat keyfiyyəti üçün vacib amildir.
- Hamiləlik dövründə D vitamini niyə bu qədər vacibdir?
- Hamiləlik zamanı qadın orqanizmi bir sıra ciddi dəyişikliklərə
məruz qalır. Bu dövr, yalnız bir insanın yox, iki canlının – ana və
dölün – paralel ehtiyaclarının qarşılanmalı olduğu kompleks bir
bioloji mərhələdir. Bu səbəbdən bəzi vitaminlərə, xüsusilə də D
vitamininə tələbat artır.
D vitamini dölün skelet sisteminin inkişafı üçün həyati əhəmiyyət
daşıyır. Körpənin sümüklərinin formalaşması, diş toxumasının
yaranması, sinir sisteminin və immun sisteminin sağlam inkişafı bu
vitaminin iştirakı ilə baş verir. D vitamini həm də plasentanın
normal fəaliyyətinə, dölə oksigen və qida maddələrinin düzgün
daşınmasına kömək edir. Eyni zamanda doğuş müddətinin
tənzimlənməsində və erkən doğuş riskinin azaldılmasında da mühüm
rol oynayır.
Əgər hamilə qadının orqanizmində D vitamini səviyyəsi aşağı olarsa,
bu həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yarada
bilər. Belə ki, bu vitaminin yetərsizliyi uşaqda raxit kimi sümük
deformasiya xəstəliklərinə, zəif immun sisteminə və inkişaf
geriliklərinə səbəb ola bilər.
- D vitamini əskikliyinin vaxtında təyin olunmaması ana və döl üçün gizli təhlükə sayılırmı?
- D vitamininin əskikliyi bəzən səssiz şəkildə irəliləyir, lakin
təsirləri olduqca ciddidir. Hamilə qadınlarda bu çatışmazlıq ilk
növbədə əzələlərdə zəiflik, tez yorulma, sümük ağrıları ilə özünü
göstərir. Bununla yanaşı, yuxusuzluq, əhval pozğunluğu və
depressiyaya meyillilik də müşahidə oluna bilər. Bu simptomlar çox
zaman hamiləliklə əlaqələndirilərək ciddi qəbul olunmur, lakin
kökündə D vitamini çatışmazlığı dayanır.
Bu çatışmazlıq gestasion diabetin, preeklampsiyanın və erkən doğuş
riskinin artmasına səbəb olur. Həmçinin, kalsiumun orqanizmdə
düzgün paylanmaması nəticəsində ana osteoporoz riski ilə üzləşə
bilər.
Döl üçün isə D vitamini çatışmazlığı, xüsusilə sümük sisteminin
zəif formalaşmasına, aşağı doğum çəkisinə, zəif immunitetə, tez-tez
infeksiyalara və hətta psixomotor inkişafın gecikməsinə səbəb ola
bilər. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı olan
anaların körpələrində sonradan astma, allergik xəstəliklər və bəzi
autoimmun problemlər inkişaf edə bilər.
- D vitamini çatışmazlığını necə bərpa etmək olar?
- D vitamini orqanizmə üç əsas yolla daxil olur: günəş işığı,
qidalar və tibbi əlavələr vasitəsilə. Günəş şüaları vasitəsilə dəri
altında sintez olunan D vitamini təbii mənbə sayılır. Dərinin
açıqda qalması və gün ərzində təxminən 15-20 dəqiqə günəş altında
olmaq bu prosesin baş verməsi üçün kifayət edir.
Qidalarla qəbul edilən D vitamini mənbələri arasında som balığı,
sardina, yumurta sarısı, balıq yağı, süd və süd məhsulları xüsusilə
seçilir. Lakin bu məhsulların gündəlik istehlakı ilə D vitamini
tələbatını tam qarşılamamaq mümkündür. Buna görə də xüsusilə hamilə
qadınlara həkim məsləhəti ilə D vitamini əlavələri – damcı, kapsul
və ya maye formada – təyin olunur. Bu preparatlar yalnız laborator
analizlərdən sonra və həkim təyinatı ilə istifadə olunmalıdır.
- Hamiləlik zamanı D vitamini nə qədər qəbul olunmalıdır və necə istifadə edilməlidir?
- Hamiləlik dövründə bir qadının gündəlik D vitamini ehtiyacı
təxminən 600-2000 IU (Beynəlxalq Vahid) arasında dəyişir. Bu rəqəm
şəxsin yaşına, dərisinin günəşə məruz qalma səviyyəsinə, bədən
çəkisinə, yaşadığı iqlimə və ümumi sağlamlıq vəziyyətinə görə
dəyişə bilər. Əgər analizlər nəticəsində D vitamini səviyyəsi aşağı
çıxarsa, həkim bu ehtiyaca uyğun dozada preparat təyin edir.
D vitamini yağda həll olunan vitamin olduğu üçün yağlı yeməklərlə
birlikdə qəbul etmək onun mənimsənilməsini artırır. Lakin, diqqətli
olmaq lazımdır – özbaşına, nəzarətsiz qəbul edilən yüksək doza
sağlamlıq üçün təhlükəli ola bilər.
- D vitamini çatışmazlığının müalicəsi necə aparılır?
- D vitamini çatışmazlığını aşkar etmək üçün ən etibarlı üsul
qan analizidir. 25-hidroksivitamin D [25(OH)D] səviyyəsinə
baxılaraq orqanizmdə bu vitaminin miqdarı müəyyən olunur. Əgər
səviyyə normadan aşağıdırsa, həkim qısa müddətli yüksək dozalı
müalicə kursu təyin edə bilər. Daha sonra isə saxlayıcı, yəni
profilaktik dozaya keçid edilir və bu dövrdə mütəmadi təkrar
analizlərlə vitaminin səviyyəsi nəzarətdə saxlanır.
Planlı şəkildə hamilə qalmaq istəyən qadınlar üçün bu analizlərin
hamiləlikdən əvvəl verilməsi tövsiyə olunur. Beləliklə, həm
hamiləlik daha rahat keçir, həm də körpənin inkişafında ciddi
problemlərin qarşısı alınır.
- Ana südü dövründə D vitamini qəbulunun davam etdirilməsi tövsiyə olunurmu?
- D vitamini ehtiyacı doğuşdan sonra da davam edir. Əksinə, bu
dövrdə həm ananın bərpası, həm də körpənin düzgün inkişafı üçün bu
vitamin daha da önəm qazanır. Ana südü ilə qidalanan körpələr üçün
lazım olan D vitamini məhz ana orqanizmindən ötürülür. Əgər ana
kifayət qədər D vitamini qəbul etməzsə, bu, körpədə sümük zəifliyi,
raxit və infeksiyalara qarşı zəif müqavimətə səbəb ola bilər.
Bu səbəbdən süd verən analara da hamiləlik dövründə olduğu kimi
həkim nəzarətində vitamin qəbulu tövsiyə olunur. Bu, həm ananın,
həm də körpənin sağlamlığı üçün əvəzolunmazdır.
- D vitamininin dozası artıq olarsa, bu nə kimi hallara səbəb ola bilər?
- D vitamininin azlığı qədər artıqlığı da təhlükəlidir. Yüksək dozada qəbul olunan D vitamini qanda kalsiumun səviyyəsini artıraraq hiperkalsemiyaya səbəb ola bilər. Bu isə ürəkbulanma, halsızlıq, susuzluq, iştahsızlıq, qusma, böyrək daşı əmələ gəlməsi və hətta orqan zədələnməsi ilə nəticələnə bilər. Bu səbəbdən, D vitamini preparatları yalnız həkim nəzarəti altında, dəqiq analiz nəticələrinə əsaslanaraq qəbul edilməlidir. Xüsusilə hamiləlik dövründə “profilaktika məqsədilə” yüksək dozada qəbul tamamilə risklidir.
