Bakı.Trend:
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən tətbiq olunduğunu nəzərə alsaq, qeyd edilməlidir ki, 2004-2018-ci illər ərzində (14 il ərzində) cəmi 5 yazılı test imtahanı keçirilib.
Trend xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, son 8 il ərzində isə bu rəqəm 16-ya çatıb. Bu 16 imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artıb.
2025-ci ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 34 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı təşkil olunub. 06.07.2025 və 28.11.2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. Hesabat ili ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. İl ərzində isə 347 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.
Nəticə etibarilə, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb. Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.
Kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.
