...

Xaçmazda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2026 16:22 (UTC +04:00)
Xaçmazda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hesabat iclasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Milli Məclisin deputatları Sevil Mikayılova və Mahir Süleymanlı, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə hörmət və ehtiramlarını nümayiş etdiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda il ərzində rayonda görülən işlər və həyata keçirilən sosial layihələrə dair videoçarx nümayiş etdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışıb. O, ötən ildə ölkəmizin, eləcə də rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələr, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülən işlər, həyata keçirilən respublika əhəmiyyətli tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, Xaçmaz rayonunda əldə olunan uğurlar “Şəhərsalma və memarlıq İli” çərçivəsində 2026-cı ildə də davam etdiriləcəkdir.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəis müavini Yusif Əliyev, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Haqverdiyev, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Cəfər Cəfərov şəhid anası Bibixanım Mirzəmmədova çıxış edərək Xaçmaz rayonunda sosial infrastrukturun yenilənməsi və yeni iş yerlərinin açılması istiqamətində mühüm layihələrin reallaşdırıldığını vurğulayıblar. Onlar görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Milli Məclisin deputatları Sevil Mikayılova və Mahir Süleymanlı çıxışlarında ölkəmizdə əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən danışıblar və hesabat dövründə Xaçmaz rayonunda görülən işləri yüksək qiymətləndiriblər.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və qarşıda duran yeni hədəflər barədə geniş məlumat verib.

Hesabat yığıncağında Qərar layihəsi qəbul olunub, xaçmazlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti