...

Bir çox ölkələrdə qadağan edilən oyunlar Azərbaycanda hələ də əlçatandır – Millət vəkili

Cəmiyyət Materials 22 Yanvar 2026 11:07 (UTC +04:00)
Bir çox ölkələrdə qadağan edilən oyunlar Azərbaycanda hələ də əlçatandır – Millət vəkili
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətlə yayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur. Bu risklərdən biri də təhlükəli kompüter oyunlarıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, bu məsələ zahirən sakit görünsə də, əslində olduqca təhlükəlidir:

“Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə formalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxt keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan edilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildə əlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur, xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərlə birbaşa əlaqəyə girə bilirlər. Bundan əlavə, mərhələlərin pulla açılması, oyun daxilində manipulyativ mexanizmlər və təhlükəli davranış modelləri mövcuddur”.

Deputat xatırladıb ki, bəzi ölkələrdə bu oyunlar cinsi istismar və psixoloji zorakılıq halları ilə əlaqələndirilərək qadağan edilib:

“Araşdırmalar göstərir ki, regionlarda və Bakı şəhərində gənclər arasında aqressiya, zorakılıq və digər neqativ halların artması da təsadüfi deyil. Bu proseslərin psixoloji təsiri uşaqlıq və yeniyetməlik dövründə formalaşır.

Biz psixoloq deyilik, lakin parlament üzvləri olaraq gələcək qanunvericilik təşəbbüslərində və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayırıq. Hesab edirəm ki, zərərli vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu çərçivədə nəzərə alınmalıdır. Bu təhlükələr sakit şəkildə, lakin çox sürətlə hər birimizin evinə və cibinə daxil olur və əsas risk qrupunu uşaq, yeniyetmə və gənclər təşkil edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti