Bakı. Trend:
ÜST və Səhiyyə Nazirliyi ilə birlikdə HPV peyvəndləri ətrafında müzakirələrimiz olub.
Bunu Trend-in sualına cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu müzakirələr HPV peyvəndinin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ətrafında olmayıb:
"Müzakirələrimiz əsasən HPV peyvəndinin ölkədə tətbiqi və bu peyvəndin xeyirləri barədə olub. Burada bir məqam var ki, bu peyvəndi təqdim edən şirkətlər endirimli qiymətlər təklif edir. Düşünürəm ki, bu, ÜST ilə Səhiyyə Nazirliyinin qərar verəcəyi məsələdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq biz də üzərimizə nə düşsə, edəcəyik".
Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq ÜST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib. Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.
