Bakı. Trend:
İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda şəxsiyyət əleyhinə cinayətlər, insanların şərəf və ləyaqətinə qarşı hörmətsizlik hallarının sayı artır. Eyni zamanda bu texnologiyalardan istifadə etməklə iqtisadi və mülkiyyət əleyhinə cinayətlər də geniş vüsət alıb.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, informasiya texnologiyaları əslində ölkənin, dövlətin, iqtisadiyyatın, kənd təsərrüfatının və sosial siyasətin inkişafına xidmət etməlidir:
“Lakin təəssüf ki, bəzi hallarda bu imkanlardan sui-istifadə edilir, insanların şərəf və ləyaqətinə qarşı böhtan kampaniyaları aparılır, dövlətin və ordunun əleyhinə dezinformasiya yayılır. Qarşılıqlı beynəlxalq əməkdaşlıq isə bu kimi halların qarşısının alınmasında mühüm rol oynaya bilər”.
Millət vəkili vurğulayıb ki, bu cinayətlərdən ən çox zərər çəkən təqaüdçülərdir:
“Onların bank kartı məlumatları və kodları ələ keçirilərək müxtəlif ölkələrdən idarə olunan cinayətkar şəbəkələr vasitəsilə vəsaitləri mənimsənilir. Bu konvensiya həmin halların qarşısının alınmasında da mühüm rol oynayacaq.
Eyni zamanda vətəndaşların xəbəri olmadan onların adına şirkətlərin açılması, saxta sənədlər əsasında vergi borclarının formalaşdırılması, ölkədən çıxışa qadağaların tətbiqi kimi hallar mövcuddur. Bundan əlavə, bələdiyyə və mülkiyyət sənədlərinin saxtalaşdırılması, torpaq və daşınmaz əmlakla bağlı dələduzluq halları artmaqdadır”.
S.Novruzov qeyd edib ki, bu beynəlxalq konvensiyaya qoşulmaqla yanaşı, daxili qanunvericiliyik, xüsusilə Cinayət Məcəlləsinin müvafiq normalarının təkmilləşdirilməsi bu cinayətlərin qarşısının alınmasına ciddi töhfə verəcək.
