Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 592 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Sumqayıt–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilir ki, 592 nömrəli şəhərətrafı (Gorədil qəsəbəsi – Xırdalan şəhəri) marşrut üzrə hüquqi şəxs "Ena Transport" MMC;
Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Məmmədov Xanadan Məhərrəm oğlu;
Sumqayıt–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC;
Gəncə–Qazax marşrutları üzrə fiziki şəxs Məmmədov Mahir Xaliq oğlu;
Qazax–Gəncə marşrutları üzrə hüquqi şəxs "Ağstafa Avtonəqliyyat" ASC və fiziki şəxs Alızadə Ayxan Maarif oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
