Bakı.Trend:
Ölkəmizdə vəkillik fəaliyyəti ilə bağlı indiyədək bir neçə dərslik və monoqrafiya nəşr olunub. Lakin bu kitabı sadəcə "dərslik" adlandırmaq istəmirəm.
Trend xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün "Vəkillik fəaliyyəti" adlı dərsliyin rəsmi təqdimat mərasimində söyləyib.
Sədr qeyd edib ki, “Vəkillik fəaliyyəti” kitabı böyük zəhmət, geniş araşdırma və altı müəllifin birgə əməyi nəticəsində ərsəyə gəlib:
"Biz çalışmışıq ki, kitab hərtərəfli, sistemli və müasir tələblərə cavab verən bir vəsait olsun. Məsələyə formal yanaşmamışıq. Vəkillik fəaliyyətinin inkişafı, qanunvericilikdəki dəyişikliklər, normativ tələblər və etik qaydalar kitabda əksini tapıb. Müqayisəli tədqiqatlar aparılıb, beynəlxalq təcrübəyə geniş yer verilib. Xüsusilə türk dövlətlərinin vəkillik təcrübəsi ayrıca araşdırılıb. Bu yeni və vacib yanaşmadır. Artıq dərsliklərimizdə yalnız ümumi beynəlxalq təcrübəyə deyil, türk dövlətlərinin hüquqi təcrübəsinə də istinad edirik. Çünki bizim ortaq hüquqi və mədəni məkanımız mövcuddur və bu təcrübənin öyrənilməsi zəruridir".
A.Bağırov əlavə edib ki, kitab geniş tədqiqat əsəridir və artıq növbəti cild üzərində iş aparılır:
"Eyni zamanda, əsərimizə tənqidi yanaşmanı normal qarşılayırıq. Biz bacardığımızı etmişik, bütün bilik və təcrübəmizi səfərbər edərək bu kitabı hazırlamışıq. Məqsədimiz Azərbaycan hüquq mühitində, hüquq fakültələrində və ümumilikdə cəmiyyətdə vəkilliyə marağın daha da artmasına töhfə verməkdir".
O vurğulayıb ki, son illər vəkillərin sayı üç dəfədən çox artıb və hazırda ölkədə üç minə yaxın vəkil fəaliyyət göstərir.
"Bu, müsbət göstəricidir. Lakin Avropa ölkələri ilə müqayisədə, yüz min nəfərə düşən vəkil sayı baxımından Azərbaycan hələ də geri qalır. Orta Avropa göstəricisi yüz min nəfərə təxminən 100 vəkil olduğu halda, bizdə bu rəqəm təxminən 28-dir. Bu isə o deməkdir ki, vəkillərin sayının artmasına ehtiyac var. Uzun illər gənclər daha çox digər hüquq sahələrinə üstünlük verirdilər, lakin artıq müsbət dəyişikliklər müşahidə olunur və gənclər vəkilliyə maraq göstərirlər. Bu, ümidverici tendensiyadır. Belə kitablar və tədris vəsaitləri isə bu marağı daha da artıracaq", - sədr fikrini tamamlayıb.
