Bakı. Trend:
2035-ci ilədək Abşeron yarımadasının su infrastrukturu ilə bağlı problemlərin aradan qaldırılması planlaşdırılır
Trend xəbər verir ki, bunu Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəhbəri Riad Axundzadə bu gün Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmi masada çıxışında deyib.
Onun sözlərinə görə, ölkə əhalisinin təxminən 10 milyon nəfər təşkil etməsi və 4,5 milyondan çox su istifadəçisinin məhz Abşeron yarımadasında yaşaması nəzərə alınaraq diqqətin bu regiona yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
“2035-ci ilə qədər yarımada ərazisində bütün infrastruktur problemlərini aradan qaldırmağı və genişmiqyaslı modernləşdirmə aparmağı planlaşdırırıq”, – deyə Axundzadə bildirib.
O qeyd edib ki, Milli Su Strategiyasının prioritet istiqamətlərindən biri köhnəlmiş infrastrukturun modernləşdirilməsi yolu ilə yenilənməsidir.
R.Axundzadə əlavə edib ki, ikinci prioritet suya əlçatanlıq səviyyəsinin qaldırılmasıdır. Ölkə öz sərhədləri daxilində su həcminə nəzarət imkanlarına malik olmalıdır. Bunun üçün yeni su anbarlarının və müvafiq infrastrukturun tikintisi zəruridir.
Bundan əlavə, o vurğulayıb ki, kənd təsərrüfatı və sənayedə istifadə olunan suyun bir hissəsi alternativ mənbələrlə əvəz olunmalıdır ki, bu da qlobal tendensiyalara uyğundur. Alternativ su ehtiyatlarının inkişafı çərçivəsində suyun duzsuzlaşdırılması layihəsi və təmizləyici qurğuların reabilitasiyası üzərində iş aparılır. Həmçinin yağış sularının toplanması imkanları da nəzərdən keçirilir.
