Bakı. Trend:
Almaniyanın Ştutqart şəhərində yerləşən Azərbaycan Evində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Evinin nəzdindəki həftəsonu Azərbaycan məktəbinin müəllim və şagird heyəti, diaspor fəalları, Birinci Qarabağ müharibəsi şəhidi Şahin Nəcəfovun ailə üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qonaqlar arasında Baden-Vürttemberq əyalətinin Mədəniyyət, Gənclər və İdman Nazirliyinin müşaviri Mattias Volf, eləcə də alman və italyan ziyalılar da yer alıblar.
Ştutqart Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyeva ədibin zəngin həyat yolu, çoxşaxəli yaradıcılığından danışıb. Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafındakı müstəsna xidmətlərini vurğulayıb. Onun əsərlərində xalqımızın milli-mənəvi dəyərlərinin və tarixi keçmişinin dolğun təsvir olunduğunu bildirib.
“Şöhrət” ordenli jurnalist Svetlana Mirzəyeva öz müəllimi Mir Cəlal Paşayevlə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Qeyd edib ki, böyük tələbə ordusu yetişdirən Mir Cəlal Paşayev ana dilimizin saflığının qorunmasını və mükəmməl mənimsənilməsini hər bir azərbaycanlı üçün mənəvi borc sayır, öyrəncilərində yüksək vətəndaşlıq mövqeyi formalaşdırırdı. Ədibin həm bədii, həm də elmi irsi gənc nəslə həyati dəyərləri aşılayan mənəvi dərslikdir.
Ştutqartda yaşayan 10-cu sinif şagirdi, Avropa Parlamentinin gənc səfiri Aida Vəliyeva Mir Cəlal Paşayevin yaradıcılığı barədə maraqlı təqdimatla çıxış edib.
Baden-Vürttemberq federal əyalətinin Mədəniyyət, Gənclər və İdman Nazirliyinin müşaviri Mattias Volf isə çoxşaxəli yaradıcılığı olan yazıçı, pedaqoq və alimin xatirəsinə həsr olunan tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. O, ədibin bir sıra əsərlərini alman dilinə tərcümə etmək arzusunu dilə gətirib.
Məlumat üçün bildirək ki, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir. Bunlardan biri də bu ilin əvvəlində açılan Ştutqart Azərbaycan Evidir.
