AR Səhiyyə Nazirliyi yaxın iki ayda "Metoden" preparatının Lənkəran və Sumqayıt narkoloji dispanserlərində istifadəsinə icazə verəcək. Bu barədə Trend ə nazirliyin baş narkoloqu, tibb elmləri doktoru Azər Əliquliyev Narkomaniya ilə beynəlxalq mübarizə gününə həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, "Metoden" son il yarım ərzində Bakının dispanserlərində fəal istifadə olunur və müsbət nəticə verir. Hazırda həmin prepataratdan 40 xəstə yararlanır.
Respublikanın baş narkoloqunun sözlərinə görə, Səhiyyə Nazirliyi "Metoden" preparatının respublikanın iki şəhərində istifadəsinə başlamağa qərar verib.
"Preparat artıq 17 xəstəyə narkomaniyadan müalicə olunmağa köməklik göstərib, qalanlarının isə vəziyyəti ən azı sabitləşib", - deyə A.Əliquliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında "Metoden"in istifadəsinə başlayan ilk dövlətdir.
Azərbaycanın baş narkoloqu sonda bildirib ki, beynəlxalq təşkilatların çoxu bu layihəni dəstəkləsə də, hazırda "Metoden" respublikanın vəsaitləri hesabına alınır.
Qeyd edək ki, Azərbaycanın narkoloji dispanserlərində psixoloqların köməyindən geniş istifadə olunur.