...

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ MİLLİ MƏTBUATIN 130 İLLİYİ QEYD OLUNUB

Cəmiyyət Materials 19 İyul 2005 18:13 (UTC +04:00)

İyulun 19-da Daxili İşlər Nazirliyində(DİN) milli mətbuatın yaranmasının 130 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Bu haqda Trend ə DİN-in mətbuat xidmətindən bildirilmişdir. Mərasimdə nazirliyin tabeçiliyində olan mətbu orqanlarının - DİN-in orqanı olan "Mübariz keşikdə" qəzeti, Bakı şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti, Daxili Qoşunların "Əsgər" qəzeti, Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin "Yanğınla mübarizə" jurnalı, eləcə də Baş Dövlət Yol Polis İdarəsi və Bakı şəhər Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr qurumlarının əməkdaşları iştirak etmişdir.

Görüşdə milli mətbuatın yaranması, onun keçdiyi yol, müasir cəmiyətdə mətbuatın rolu barədə danışan daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha sonra, DİN-in tabeçiliyində olan mətbuat orqanlarının əməkdaşlarını bayram münasibəti ilə təbrik etmişdir.

Nazir Ramil Usubovun əmri ilə DİN-in mətbu orqanları və ictimaiyyətlə əlaqələr qurumlarında çalışan əməkdaşlara yubiley münasibəti ilə müxtəlif mükafatlar təqdim olunmuşdur. Onlardan ikisinə növbədənkənar rütbələr, 5 nəfərə "Əla xidmətlərinə görə" döş nişanı, 10 nəfərə Fəxri Fərman, qalanlara isə pul mükafatı təqdim olunmuşdur.

Toplantıdan sonra nazir Ramil Usubov milli mətbuatın 130 illiyi münasibəti ilə DİN-in çalışan mətbu orqanlarının əməkdaşları üçün təşkil olunmuş bayram süfrəsində iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti