Yaxın vaxtlarda vəkillərə xüsusi geyimlər paylanacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verib. Onun sözlərinə görə, bu əbalar yalnız VK-nın üzvü olan 400 vəkilə veriləcək.
Həmin vəkillər rəsmi geyimlərdən məhkəmə iclasları zamanı istifadə edəcəklər. Məhkəmə iclaslarına rəsmi geyimsiz çıxan vəkillər cəzalandırılacaqlar.
"Hazırda bu əbaların hazırlanması üçün müxtəlif parça növləri və rənglər gözdən keçirilir. Məlumdur ki, hakimlər də məhkəmə iclasları zamanı qara rəngli xüsusi xalat (mantiya) geyinirlər. Ona görə də elə rəng seçməliyik ki, vəkillərin geyimləri hakimlərin geyimlərindən fərqlənsin", - deyə Fərhad Nəcəfov söyləyib.
Sədr müavini onu da bildirib ki, xüsusi geyimlərin hazırlanması və vəkillərə paylanması prosesi ilin sonuna qədər yekunlaşmalıdır.