Trend in xəbər verdiyi kimi, "Sərhədsiz reportyorlar" təşkilatı avqustun 31-də bəyanat yayıb. Bu bəyanatda təşkilatın Naxçıvanın mərkəzində müxalifət jurnalisti Məhəmməd Rzayevin qardaşı Ramin Rzayevin naməlum maskalı şəxslər tərəfindən oğurlanması faktından sarsıldığı bildirilir.
"Azadlıq" qəzetinin müxbirinin qardaşı Ramin Rzayev avqustun 30-da oğurlanıb. O, şəhərin kənarına aparılıb və döyülərək kanala atılıb.
Jurnalisti oğurlayanlar M.Rzayevdən parlament seçkilərində iştirak etməməyi və rəsmi şəxslərin ünvanına bir daha tənqidi məqalələr yazmamağı tələb ediblər.
Onlar bildiriblər ki, gələn dəfə Məhəmməd Rzayevin özü qardaşının vəziyyətinə düşəcək. Ramin Rzayev çoxlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"Bu, jurnalistə təzyiq göstrmək məqsədi güdən qəddarlıq aktıdır. Biz beynəlxalq təşkilatları Azərbaycanda söz azadlığına qarşı zorakılıqla bağlı cavab tədbirləri görməyə çağırırıq" , - deyə "Sərhədsiz reportyorlar"ın bəyanatında bildirilir.
Sənəddə, həmçinin, o da qeyd olunur ki, müxalifət qəzetlərinin, o cümlədən "Azadlıq" qəzetinin binası hücuma məruz qalıb. "Bu özbaşınalığa son qoyulmalıdır", - deyə bəyanatda bildirilib.
Sonda bəyanatada o da bildirilir ki, Məhəmməd Rzayev Naxçıvanın vəzifəli şəxsləri ilə bağlı bir çox tənqidi materialların müəllifidir. 2003-cü ildə isə polis tərəfindən döyülmüşdü.