Avropa Şurası Ukraynanın hökumət nümayəndələrinin dəvəti ilə sentyabrın 15-16-da Kiyevdə Cənubi Qafqaz ölkələrinin mədəniyyət nazirlərinin "Mədəniyyət və inkişaf uğrunda mədəni siyasət" mövzusuna həsr olunmuş görüşünü keçirəcək. Bu barədə Trend Avropa Şurasının Strasburqdakı katibliyinə istinadən xəbər verir.
Məlumata əsasən, nazirlər səviyyəsində beşinci kollokvium Kiyevdə "Stage" layihəsi (Böyük Avropada incəsənət və mədəniyyət sahəsində keçid proseslərinin dəstəklənməsi) çərçivəsində keçirilir. Əsas məqsəd isə Azərbaycan, Ermənistan və Gürcüstan arasında mədəni mübadilələrin inkişafı və demokratiyanın möhkəmlənməsidir.
Kollokvium sentyabrın 15-16-da yerli vaxtla saat 9:30-dan 18:00-a qədər "Ukrayna evi" (Kiyev, Kreşatik) İncəsənət sarayında keçiriləcək və mətbuat üçün açıq olacaq.
Sentyabrın 15-də saat 10:00-da kollokviumun açılışında Avropa Şurasının baş katibinin müavini Mod de Bur-Bukikkio və Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi Juakin Duarti çıxış edəcəklər (AŞ-nin Nazirlər Komitəsi adındın).
2005-ci ildə kollokvium Avropa mədəniyyət konvensiyasını imzalamış bütün dövlətlər üçün açıq olacaq.
Gündəliyə mədəni müxtəliflik və sosial birlik, mədəniyyət sahəsinin maliyyələşdirilməsi və mədəni turizm kimi məsələlər daxildir. Nazirlər, həmçinin, 2004-cü ildən bu günə kimi Stage layihəsinin nailiyyətlərini (layihənin baş məsləhətçisi Terri Sandell tərəfindən hazırlanmış məruzə əsasında) və milli səviyyədə mədəniyyət sahəsində siyasətin gələcək inkişafı üzrə təklifləri müzakirə edəcəklər.
Sentyabrın 16-da saat 18:30-da mətbuat konfransında kollokviumun nəticələrinə görə jurnalistlərə təqdim olunacaq yekun deklarasiya qəbul olunacaq.
Xatırladaq ki, "Stage" layihəsində Cənubi Qafqazın üç dövləti, həmçinin, Almaniya, Avstriya, Yunanıstan, Rusiya Federasiyası, İsveçrə, Türkiyə, Ukrayna kimi müşahidəçi və donor dövlətlər iştirak edir.