...

Milli Teleradio Şurası teleradio kanallarının reklam fəaliyyətinin tənzimlənməsinə dair seminar keçirib

Cəmiyyət Materials 25 Noyabr 2005 13:12 (UTC +04:00)

Noyabrın 25-də Milli Televiziya və Radio Şurası Beynəlxalq Mətbuat Mərkəzində "Teleradio yayımçılarının reklam fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənməsi" mövzusunda seminar keçirib. Trend in məlumatına görə, seminarda mövzu ilə bağlı məruzələr dinlənilib, teleradio şirkətlərinin ünvanına tövsiyələr və xəbərdarlıqlar səsləndirilib.

Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu qurum bütün telekanalların monitorinqini aparır, onların reklam fəaliyyətində yol verdikləri nöqsanları aşkarlayır. Onun sözlərinə görə, telekanallara indiyədək yalnız xəbərdarlıqlar edən Teleradio Şurası bundan sonra qanunun tələblərinə uyğun olaraq onlara cəza mexanizmi tətbiq edəcək. N.Məhərrəmli deyib ki, telekanallarda yol verilən hər bir qanun pozuntusu faktına görə ayrı-ayrılıqda cərimə tətbiq ediləcək və bu rəqəm şərti maliyyə vahidinin 200 misli qədərində olacaq.

Teleradio Şurasının eksperti Qafar Cəbiyev "Teleradio yayımçılarının reklam fəaliyyətində yol verdikləri nöqsanlar və onların aradan qaldırılması sahəsində "Televiziya və Radio Yayımı Haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələr" mövzusunda məruzə edib. O bildirib ki, telekanallar reklam haqqında qanunun tələblərindən irəli gələn şərtləri pozur və qanunla qadağan edilmiş gizli reklamlara yer verir. Q.Cəbiyev "Televiziya və Radio Yayımı haqqında" Qanunun 35-ci bəndinin reklam fəaliyyəti ilə bağlı olduğunu deyərək teleradio yayımçılarının əməl etməli olduqları şərtləri diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti