Azərbaycan gəncləri Ali Baş Komandanın müharibəyə başlamaq barədə əmrini gözləyir və işğal altında olan torpaqları azad etməyə hazırdır. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan gəncləri adından Azərbaycanın Gənclər Təşkilatlarının Milli Şurasının sədri Fuad Muradov təşkilatın aprelin 8-də keçirilən konfransında bəyan edib.
Onun sözlərinə görə, əgər beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dinc yolla təmin etməyə imkan verməsə, bizim müharibədən başqa alternativ yolumuz qalmır. O deyib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ərazi bütövlüyü təmin olunması istiqamətində işlərin aparılması, eləcə də, gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin təbliği gənclər təşkilatlarının Milli Şurasının fəaliyyətinin əsas prioritidir.
F.Muradov şuranın fəaliyyətinin digər mühüm aspektinin dövlət quruculuğunda, demokratiyanın inkişafı və ölkənin müstəqilliyinin möhkəmlənməsində yaxından iştirak olduğunu bildirib. Şura sədrinin sözlərinə görə, ötən müddət ərzində Şura bu istiqamətdə çoxsaylı proqram və işlər həyata keçirib.
Şuranın X konfransında görülən işlərin hesabatı dinlənilib və sonrakı fəaliyyət üzrə proqram nəzərdən keçirilib. Konfransın işində Şuranın tərkibinə daxil olan 7 gənclər təşkilatının nümyaəndə heyətləri iştirak edib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Azərbaycan Milli Məclisinin deputatları aə Türkiyə, Gürcüstan və Rusiyanın gənclər təşkilatlarının nümayəndələri konfransın qonaqları olublar.