...

Baş nazirin müavini Əli Həsənov Türkiyənin teleşirkət və QHT nümayəndələrini qəbul edib

Cəmiyyət Materials 12 Aprel 2006 17:57 (UTC +04:00)

Azərbaycan baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 12-də Türkiyənin "Kanal-7" teleşirkətinin, "Gəncliyə Yardım Fondu" Xeyriyyə Cəmiyyətinin (GYF) və Almaniyada fəaliyyət göstərən "Dəniz Fənəri e.I" Dərnəyinin ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Trend in məlumatına görə, Əli Həsənov Abşeron, Xətai rayonlarında və Naftalan şəhərində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə, eləcə də uşaq evlərində böyüyən balacalarla görüşüb onların vəziyyəti ilə tanış olduqlarına, xeyli ərzaq yardımı payladıqlarına görə türkiyəli qonaqlara Azərbaycan hökuməti adından razılığını bildirib.

Baş nazirin müavini Azərbaycan həqiqətlərinin, azərbaycanlı qaçqınların ağır vəziyyətinin Avropada da yayımlanan telekanal vasitəsilə dünyaya çatdırılmasına göstərilən köməyi yüksək qiymətləndirib. O, "Gəncliyə Yardım Fondu"nun 2005-ci ildə də respublikamızda maddi yardıma ehtiyacı olan vətəndaşlara 1 milyon ABŞ dollarından çox ərzaq məhsulları payladığını vurğulayıb və qardaş Türkiyə Respublikasının həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində ölkəmizə ardıcıl dəstək verdiyini minnətdarlıq hissi ilə diqqətə çatdırıb.

"Gəncliyə Yardım Fondu" Xeyriyyə Cəmiyyətinin prezidenti Ahmet Tecim, Türkiyənin "Kanal-7" teleşirkətinin Avropa üzrə xəbərlər müdiri Bülent Över və "Dəniz Fənəri e.I" Dərnəyinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Mehmet Taşkan bildiriblər ki, onların təmsil etdikləri qurumlar Azərbaycan xalqının problemləri ilə həmişə maraqlanır və ehtiyacı olan insanlara yardım göstərirlər. Bununla, istər Türkiyədəki, istərsə də Avropadakı humanitar yardım təşkilatlarının diqqətini Azərbaycana yönəltməyə çalışır.

Görüşdə Dünya Azərbaycanlılarının II qurultayından sonra Türkiyə və Azərbaycan diasporlarının əlaqələrinin daha da möhkəmləndiyi xüsusi vurğulanıb. "Kanal-7" vasitəsilə çəkilən kadrların, hazırlanan verilişlərin yaxın günlərdə bütün Avropaya yayımlanacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti