Azərbaycanın sərbəst güləş komandası avqustun 18-də start veriləcək iri beynəlxalq turnirdə iştirak etmək üçün Polşaya yola düşüb. Milli Federasiyadan Trend ə verilən məlumata görə, komandanın tərkibinə Sidney Olimpiadasının çempionu, sonuncu Avropa birinciliyinin gümüş mükafatçısı Namiq Abdullayev, Namiq Sevdimov (hər ikisi 55 kq), Əbil İbrahimov, Arif Abdullayev (60 kq), Elman Əsgərov (66 kq), Elnur Aslanov (74 kq) və Xızır Durqayev (120 kq) daxildir. Yarış güləşçilərimiz üçün Moskvada keçirilmiş Avropa çempionatından sonra ilk ciddi turnirdir. Bu yarışda başda Aslan Ağayev olmaqla yığmanın məşqçi qərargahı həm veteranları, həm də komandaya namizədləri yoxlayacaq.
Polşada çıxış kollektiv üçün sentyabrda Pekində keçiriləcək mundial ərəfəsində əsas məşq olacaq.