Azərbaycanın qadınlardan ibarət voleybol yığması gələn ilin sentyabrında Belçikada keçiriləcək Avropa çempionatının ən güclü qrupuna düşüb.
Avropa Konfederasiyasının (CEV) Lüksemburqdakı qərargah mənzilində keçirilmiş, yarışın final mərhələsi üzrə püşkatmanın nəticələrinə görə, Faiq Qarayevin yetirmələri "A" qrupunda yer alıb. Bu qrupa, həmçinin, Belarus, Almaniya və İtaliya da daxildir.
Hazırda "Skuadra adzurra" dünya çempionudur. Almanlar isə ənənəvi olaraq qitənin ən güclü komandaları sırasına daxildir. Artıq məlumdur ki, komanda qrup mərhələsi görüşlərini Şarleruada keçirəcək. Voleybolçularımız burada ilk çıxışlarına Belarusa qarşı oyunla başlayacaq.
Qeyd etmək lazımdır ki, ötən ilki Avropa birinciliyində ilk dəfə çıxış edən komanda yarışın yekunları üzrə 4-cü yeri tutmuşdu.