Oktyabrın 3-də Hacı Məmmədovun məhkəməsində prokurorların suallarını cavablandıran banda üzvü Malik Məmmədov bildirib ki, DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirov üçün Qarabulaqda tikilən villanın çertyojunu da, xərcini də Hacı Məmmədov çəkib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun 25 nəfərdən barət bandasının cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.
Prokurorlar həmçinin təqsirləndirilən şəxsdən Hacı Məmmədova məxsus Qarabulaq İstirahət Mərkəzinə hansı dövlət məmurlarının gəlib-getməsini soruşublar. Malik Məmmədov suala belə cavab verib: "Televizorda gördüyüm və sifətlərini yadda saxladığım nazirlərin əksəriyyətini Qarabulaqda görmüşəm. Adarını isə yadda saxlamamışam, bunu Hacının özündən soruşsanız yaxşı olar".
Malik Məmmədov Qarabulaq İstirahət Mərkəzində təmir-tikinti işləri ilə məşğul olub. İbtidai istintaq orqanı ona qarşı bandanın çeçen üzvlərinin, həmçinin Saray qəsəbəsinin sakinləri Novruz İsmayılovla Mehman Səmədovun qətli ilə bağlı ittihamlar irəli sürülüb. Lakin Malik Məmmədov məhkəmədə həmin cinayətlərdə iştirak etmədiyini bildirib.
Məhkəmə iclası M.Məmmədovun ibtidai istintaq və məhkəmə ifadələri arasındakı ziddiyyətlərin araşdırılması ilə davam edir.