Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında təbliğati işlər aparılması üçün Moskvada Azərbaycanlı Gənclərin Koordinasiya Şurası ilə əməkdaşlıq edir. Bu barədə Trend ə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Nazim Qaraxanov məlumat verib.
O bildirib ki, Dövlət Komitəsinin və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada Azərbaycanlı Gənclərin Koordinasiya Şurası Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində ölkəmizlə bağlı tədbir keçirib. Tədbirdə Azərbaycanın iqtisadiyyatına, tarixinə, mədəniyyətinə, musiqisinə, mətbəxinə dair sərgilər təşkil olunub, rəqs qrupu çıxış edib. Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev, Rusiyadakı milli mədəni muxtariyyətimizin, səfirliyimizin, Dövlət Komitəsinin nümayəndələri, həmçinin Rusiyanın 50-dən artıq ali təhsil ocağının tələbələri iştirak ediblər.
N.Qaraxanov bildirib ki, Dövlət Komitəsi Rusiyada milli ayrıseçkiliyə, ksenofobiyaya qarşı tədbirlər görülməsi, soydaşlarımızın bu problemlərdən ziyan çəkməməsi üçün onlar arasında maarifləndirmə və təbliğat işləri aparacaq. Komitə Moskvada Azərbaycanlı Gənclərin Koordinasiya Şurası ilə birgə gənc soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyasına, onların mədəni səviyyəsinin yüksəlməsinə təkan vermək məqsədilə həm də bu ölkənin vilayətlərində gənclər təşkilatının bölmələrini yaratmaq niyyətindədir. N.Qaraxanov qeyd edib ki, Moskvada Azərbaycanlı Gənclərin Koordinasiya Şurası Azərbaycanla bağlı tədbirlər keçirir, Komitə ilə sıx əməkdaşlıq edir. Dövlət Komitəsi də öz növbəsində Rusiyaya əməkdaşlarını ezam edərək ayrı-ayrı vilayətlərdə azərbaycanlı gənclərlə görüşlər keçirilməsini, onlar arasında maarifləndirmə, təbliğat işləri aparılmasını həyata keçirəcək.