...

Qran-pri seriyasının final yarışında Azərbaycanın bədii gimnastika üzrə komandası bürünc medallarla fərqlənib

Cəmiyyət Materials 25 Oktyabr 2006 18:33 (UTC +04:00)

Bədii gimnastika üzrə Qran-pri seriyasının Berlində keçirilmiş final yarışındakı qrup tapşırıqlarında Azərbaycan komandası bürünc medallarla fərqlənib.

Azərbaycan Gimnasika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət kvintet ikinövçülükdə çıxış edərkən ümumilikdə 27.7 bal yığıb və 3-cü yeri tutub.

5 lent (13.9) və 3 çənbər/4 gürz (13.6 bal) üzrə ayrıca finallarda da komandamıza üçüncü yer qismət olub.

Digər medalları isə 2006-cı il Avropa çempionu olan Rusiya komandası və Belorus yığması qazanıb.

"Komandanın tərəqqisi göz qabağındadır və bu, daha da çox özünü göstərir. Lakin bir çox qeyri-dəqiqliklər var və biz, məşqçilər onları aradan qaldırmaq üçün hələ çalışmalıyıq. İrəlidə bizi noyabr ayında Yaponiyada keçiriləcək Dünya kuboku gözləyir və biz burada lentlərlə tapşırıqda çıxış edəcəyik", - deyə yığmanın məşqçisi Natalya Nərimanova bildirib.

Aliya Qarayevanın da bürünc medal qazanması üçün hansısa mində bir bal çatışmayıb. Top ilə final yarışında o, ukraynalı Natalya Qodunko kimi 16.6 bal yığıb. Lakin əmsal cədvəli üzrə Qarayeva 4-cü yeri tutub.

"Əlbəttə, Aliyə Qran-prinin "bürünc"ünə və 3-4 -cü yerləri bölüşdürmək hüququna layiq idi. Lakin hakimlər təsnifat yekunlarına əsaslanıb və burada Aliyə 6-cı (62.248 bal), ukraynalı gimnast isə dördüncü yeri tutub. Eybi yoxdur, hər şey hələ qabaqdadır!", - deyə məşqçi Marina Qovorova hesab edir.

Həmçinin Qarayeva iplə tapşırıqda altıncı (16.475), gürzlə (15.85) və lentlə (15.525) tapşırıqda isə yeddinci nəticəni göstərib.

Anna Qurbanova gürzlə olan finalda çıxış edib və burada 8-ci sırada dayanıb (15.85 bal). Çoxnövçülükdə o, 60.124 balla 10-cu yerdədir.

Qalib isə bütün proqram növlərində qalib gələn Avropa çempionu Rusiyadan olan Vera Sesina olub.

Mətbuat xidməti həmçinin bildirir ki, oktyabrın 26-31-də vitse-prezident Altay Həsənovun başçılığı ilə Azərbaycan Gimnastika Federasiyasının nümayəndə heyəti Cenevrədə olacaq. Cenevrə gölünün mənzərəli sahilində yerləşən bu şəhərdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 76-cı Konqresi keçiriləcək.

Forum iştirakçılarının əsas diqqəti təşkilatın üzv-ölkələrində gimnastikanın inkişafına yönəldiləcək. FIG hər bir dövlətin imkanlarını öyrənir, gimnastika mədəniyyətinin inkişafına nəzarət edir, eyni çərçivədə kömək göstərməyə çalışır.

Konqresin sonunda FIG-ın 125 illik münasibətilə Qala keçiriləcək. Ehtimal olunur ki, yubiley şousunda bütün dünyanın ən məşhur gimnastika nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti