...

AAK ermənilərin törətdiyi cinayətləri araşdırmaq üçün Norveç alimlərini Azərbaycana dəvət edib

Cəmiyyət Materials 24 Yanvar 2007 16:19 (UTC +04:00)

Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti Yadigar Zəkəriyyə Norveçin rəsmi dairələrini Azərbaycanın bu günkü reallıqları ilə yaxından tanış olmaq, erməni millətçilərinin 200 il ərzində törətdikləri vəhşilikləri sübut edən arxiv materiallarını araşdırmaq üçün Azərbaycana dəvət edib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Norveçdə dərc olunan "Yaşanan tarix" elmi dərgisinin 6-cı sayında "Planlaşdırılmış qətliam?" adlı məqalədə üç norveçli alimin fikir mübadiləsi çap edilib. Məqalədə tarixi faktlarla əsaslandırılmayan, reallığa uyğun gəlməyən məlumatlar verilib, nəticədə saxta "erməni soyqırımı" iddiaları haqqında Norveç ictimaiyyətində, habelə hadisədən xəbərdar olmayan siyasi xadimlərdə yanlış fikir formalaşdırılmağa cəhd göstərilib. Bununla bağlı, son vaxtlar Norveçdə "erməni soyqırımı" mövzusunu dəstəkləyən tendensiyaların güclənməsi, mətbuatda, cəmiyyətdə açıq-aşkar ermənilərə olan simpatiyaların artması və həmçinin ötən ilin dekabr ayında Dağlıq Qarabağın separatçı qurumu tərəfindən keçirilən qondarma "referendum"la əlaqədar qabaqlayıcı addımlar atmaq məqsədilə, adıçəkilən məqalənin müəlliflərinə və jurnalın baş redaktoruna (İnqar Lundebi, Hanne Reinhold, Joerg Lange, Pinar Tank, Ragnar Ness) Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Azərbaycan-Norveç "Dostluq" cəmiyyətinin sədri Yadigar Zəkəriyyə tərəfindən geniş və tutarlı cavab verilib.

Yadigar Zəkəriyyə jurnalın baş redaktoru və məqalə müəlliflərinə ünvanladığı məktubunda ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması tarixindən, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərindən, BMT-nin (822, 853, 874, 884 saylı qətnamələri), ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların zəbt edilmiş Azərbaycan torpaqlarının ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu təsdiqlədiklərindən, erməni millətçiliyi və türk tolerantlığından bəhs edib. Sonda Y.Zəkəriyyə AAK adından Norveçin rəsmi dairələrini erməni millətçilərinin təxminən 200 il ərzində törətdikləri vəhşilikləri sübut edən bir çox arxiv materiallarını araşdırmaq, ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən terror aktları və Qarabağ müharibəsinin canlı şahidləri ilə görüşmək məqsədilə Azərbaycana dəvət edib.

Xəbər lenti

Xəbər lenti