...

10-a yaxın dövlət orqanında 80-dək vakant vəzifənin tutulması üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 6 Mart 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 10-a yaxın dövlət orqanında 80-dək vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Komissiyanın sədri Bəhram Xəlilov bu gün keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, müsabiqə dövlət qulluğunda inzibati vəzifələrin 6-9-cu təsnifatları üzrə elan olunub.

Vakant yerlərə sənəd verənlərin sayının gözlənildiyindən də az olduğunu vurğulayan B. Xəlilov bunun səbəbini vətəndaşların dövlət qulluğuna obyektiv və şəffaf əsaslarla qəbul olunmaq inamının olmaması ilə əlaqələndirib. Müsabiqənin birinci-imtahan mərhələsində namizədlər 100 sulala cavab verəcəklər. Həmin suallardan 20-si məntiqi təfəkkürə, 10-u kompüter biliklərinə, 30-u komissiya tərəfindən hazırlanmış dövlət qulluğu və konstitusiyaya, 40-ı isə ixtisasa aiddir. İkinci-müsahibə mərhələsi zamanı isə namizədlərin şəxsi keyfiyyətləri qiymətləndiriləcək. Belə ki, qiymətləndirmə zamanı şəxsin vətənpərvərliyi, iradəsi, ünsiyyət qurmaq, qərar qəbul etmək, analitik təhlil aparmaq bacarığı, yaradıcılıq və s. keyfiyyətləri yoxlanılacaq və komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.

Təqdim olunmuş sənədlər Komissiya tərəfindən yoxlanıldıqdan sonra namizədlər imtahanın ilk mərhələsinə buraxılacaqlar. İmtahanların nəticələrinə görə müvafiq balı toplayan namizəd müsahibə mərhələsində iştirak etmək imkanı əldə edəcək.

Xəbər lenti

Xəbər lenti