...

Azərbaycan Mətbuat Şurasının sədri: "Dörd yaşlı Şura medianın qlobal problemlərinin həlli yollarını aramaqdadır"

Cəmiyyət Materials 15 Mart 2007 14:12 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri: "Dörd yaşlı Şura medianın qlobal problemlərinin həlli yollarını  aramaqdadır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Fəaliyyət göstərdiyi dörd il ərzində Azərbaycan Mətbuat Şurasına beş mindən çox şikayət və müraciət ünvanlanıb, minə yaxın araşdırma aparılıb, yüz əlliyə yaxın qərar və rəy qəbul olunub, paytaxtda və regionlarda çoxsaylı tədbirlər keçirilib. Bu haqda Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.

Martın 15-də Mətbuat Şurasının yaradılmasının dörd ili tamam olur. Amaşov bildirib ki, Şura medianın özününütənzimləmə zərurətindən irəli gələn qurum kimi təsis olunub. Əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin sivil formada qurulmasına yardımçı olan bu təşkilat bir növ ölkə jurnalistlərinin peşə davranışı qaydalarına necə əməl etmələri üzərində ictimai nəzarət funksiyasını üzərinə götürüb.

Ötən ilin dekabrında Bakıda keçirilmiş beynəlxalq konfransda Azərbaycan Mətbuat Şurasının təcrübəsi əsasında MDB ölkələri üçün vahid modelin hazırlanması qərarına gəlinib. Amaşovun sözlərinə görə, dörd yaşlı Mətbuat Şurası təşkilatlanmadan keyfiyyət dəyişiklikləri dövrünə keçid edib və bu gün medianın digər qlobal problemlərinin həlli yollarını aramaqdadır: "Mediamızın iqtisadi dayaqlarının mökəmləndirilməsi məqsədlə Şuranın hazırladığı proqram yekunlaşmaq üzrədir. Media təmsilçilərinin, iqtisadçıların, hüquqşünasların, ekspertlərin təklifləri əsasında hazırlanan bu sənəddə ölkə KİV-lərinin özünümaliyyələşdirmə sistemi formalaşanadək görüləcək işlər əksini tapıb. Bura reklam bazarının genişləndirilməsi, vergi, tarif tənzimlənməsi, qrantların ayrılması, bir sözlə, müstəqil mətbuatın möhkəmlənməsi üçün şəraitin yaradılması daxildir"-deyə Şura sədri qeyd edib.

Amaşov onu da deyib ki, bu gün mətbuatda təhqir və böhtanlar, bu kimi digər peşə etikasına zidd hallar baş alıb getməkdədir və bu, ictimai qınaqdan daha kəskin tədbirlər görülməsini zəruri edir. Bunun üçün isə Mətbuat Şurasının səlahiyyətləri artırılmalıdır.

Xəbər lenti

Xəbər lenti