Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (ombudsmanı) Elmira Süleymanova 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanatı BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Baş Komissarına, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq qurumların rəhbərlərinə, həmçinin xarici ölkələrin Bakıdakı səfirliklərinə bəyanat göndərib. Bu barədə Trend ə Elmira Süleymanova məlumat verib.
Cümə günü göndərilən bəyanatda azərbaycanlıların ermənilər tərəfindən məruz qaldığı soyqırımlar barədə məlumat verilir. 1918-ci ilin mart ayında və digər vaxtlarda azərbaycanlılara qarşı planlı şəkildə hazırlanmış soyqırımlar, milli zəmində qətliamlar törədildiyi bildirilir. Həmçinin bu qətliamların 200 ildir davam etdiyi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Xocalı soyqırımı törədilməsi, yüz minlərlə azərbaycanlının yurdlarından didərgin düşməsi qeyd olunur.
Süleymanova qeyd edib ki, beynəlxalq qurumlara bu tipli müraciətlərlə azərbaycanlıların tarixi faciələrini, bütün növ insan haqlarının pozulması hallarının baş verdiyini dünya ictimaiyyətinə çatdırmağa çalışır.