...

Qobustan həbsxanasında aclıq edən məhkumlarla bağlı prezidentə müraciət olunacaq

Cəmiyyət Materials 2 Aprel 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan Qapalı Həbsxanasında aclıq edən məhkumların valideynləri və bir qrup hüquq müdafiəçisi bu gün mətbuat konfransı keçirib.

Məhkum Şakir Rzaxanovun anası Müslümət Rzayeva aclıq edənlərin tələbinin cəzalarının 15 ilə endirilməsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölüm cəzasına məhkum olunmuş şəxslərə ölüm cəzasının ləğvindən sonra həmin vaxt Cinayət Məcəlləsində nəzərdə tutulan ən ağır cəza kimi 15 il azadlıqdan məhrumetmə verilməliydi. İndiyədək bu problemin həll olunmaması məhkumların etirazına səbəb olub.

Hüquq müdafiəçisi Elçin Behbudov bu problemlə bağlı prezidentlə görüşmək üçün sabah ölkə başçısına müraciət edəcəyini deyib.

Hüquq müdafiəçisi Çingiz Qənizadə aclıq edən məhkumlar ilə təklikdə görüşdüyünü qeyd edib. Bildirib ki, onların tələbi haqlıdır və qanunverticilikdəki boşluq həllini tapmalıdır. Onun fikrincə, Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul etməklə məsələni həll etməlidir: "Rusiyanın Ali Məhkəməsi ötən il dekabrın 25-də

Azərbaycan məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilmiş Krijanovski barədə çıxardığı qərarda onun cəzasını 15 illə əvəzləyib. Rusiya Ali Məhkəməsi hesab edib ki, 2 nəfərin ölümünə görə şəxsin ölüm cəzasına məhkum edilməsi ədalətli deyil. Həmçinin ölüm cəzası ləğv olunandan sonra ən ağır cəza 15 il azadlıqdan məhrumetmə olub. Həmin məhkumlara da bu cəza tətbiq olunmalıydı".

Qənizadə bu məsələ ilə bağlı ədliyyə naziri yanında İctimai Komitənin ölkənin nüfuzlu hüquqşünaslarının iştirakı ilə toplantı keçirəcəyini və qəbul olunan yekun qərarın ölkə başçısına və aidiyyatı qurumlara göndəriləcəyini deyib. Həmçinin bildirib ki, AŞPA-nın apreldə keçiriləcək sessiyasında bu problem qaldırılacaq. Onun sözlərinə görə, AŞPA-nın həmməruzəçiləri Toni Lloyd və Andress Herkelin məruzəsində bu problemin həlli, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların cəzalarının 15 ilə endirilməsi tələbi qoyulub.

Aclıq edənlər ölüm cəzası ömürlük azadlıqdan məhrum edilmiş Şakir Rzaxanov, Əli Quliyev, Dəyanət Kərimov, Elbrus İbrahimov, Rahib Məsimov, Ramil Qədirov, İntiqam Qayıbov, Yadigar Baxşəliyev, Çingiz Paşayev cəzalarının 15 ilə endirilməsini tələb edirlər. Ömürlük azadlıqdan məhrum edilmiş Elnur Qəhrəmanov isə barəsindəki məhkəmə hökmündən narazılıq edir.

Xəbər lenti

Xəbər lenti