...

Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarlarını icra edəcək

Cəmiyyət Materials 17 Aprel 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarlar müəyyən olunmuş müddətdə Azərbaycan dövləti tərəfindən icra olunacaq. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, qərarlardan ikisinin (Sərdar Cəlaloğlu və Fəhmin Hacıyevin işi) icrası ilə bağlı müvafiq hərəkətlər başlanılıb. Əsgərovun sözlərinə görə, Fəhmin Hacıyevin işi ilə bağlı qərar mayın 16-dək icra olunacaq: "Qərarda konkret müddət qoyulmayıb. Sadəcə icra olunmayan hər ay üçün dövlət faiz ödəməli olacaq".

Sərdar Cəlaloğlunun işi ilə bağlı qərar isə aprelin 11-dən hüquqi qüvvəyə minib. Əsgərovun sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarının 3 ay müddətində icrası tövsiyə olunur. Cəlaloğlunun işi ilə bağlı qərar da 3 ay müddətində icra olunacaq.

"Ramazanova və başqalarının işi" ilə bağlı qərar isə mayın 1-dən hüquqi qüvvəyə minəcək.

Hacıyevin şikayətində İnsan Hüquqları üzrə Konvensiyanın 6, 7 və 14-cü maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğu göstərilmişdi. Məhkəmənin qərarı ilə Azərbaycan dövləti Hacıyevə 3 min avro mənəvi təzminat və məhkəmə xərcləri üçün 2500 avro ödəməlidir.

Cəlaloğlu isə 2003-cü ilin oktyabrında qanunsuz həbs edilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Avropa Məhkəməsinin qərarı ilə Azərbaycan dövləti Cəlaloğluna 10 min avro ödəməlidir.

"Ramazanova və başqalarının işi" ilə bağlı qərarda şikayətçilərin Avropa Konvensiyasının 11-ci maddəsində (sərbəst toplaşmaq hüququ) nəzərdə tutulan hüququnun pozulduğu müəyyənləşdirilib. Məhkəmə iddiaçılara dəyən mənəvi zərərin ödənməsi üçün onlara 4 min avro, maliyyə məsrəflərinə görə isə 2 min avro ödənməsi barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti