...

İlqar İbrahimoğlu: "Bakı məscidlərində azanın səsgücləndirici ilə verilməsini qadağan edən heç bir rəsmi sənəd yoxdur"

Cəmiyyət Materials 29 May 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakının məscidlərində azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qoyulan qadağa ilə bağlı heç bir rəsmi qərar, yazılı sənəd yoxdur. Bu barədə çərşənbə axşamı Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) koordinatoru, din xadimi İlqar İbrahimoğlu açıqlama verib.

Onun sözlərinə görə, DEVAMM-ın hüquqşünasları bu məsələni araşdırıb və ortada heç bir rəsmi qərarın olmadığını müşahidə ediblər. İbrahimoğlunun fikrincə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən sadəcə şifahi formada belə bir açıqlamalar verilib və nəticədə gərəksiz yerə böyük ajiotaj yaranıb: "Mən hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin məsələyə qeyri-peşəkar yanaşması nəticəsində azanın səsləndirilməsi məsələsi ciddi problemə çevrilib, artıq dünyanın bir çox müsəlman ölkələrinin KİV-lərində bu barədə yazılır, iradlar tutulur. Əgər əhalinin azanın yüksək səslə verilməsinə etirazı var idisə, rəsmi orqanlar məsələni daha sivil, münasib bir formada həll etməli idilər" -deyə İbrahimoğlu qeyd edib.

O, əlavə edib ki, sözügedən qadağa elan edildikdən sonra Bakının konkret olaraq "Təzə pir" məscidində azan səsgücləndirici ilə verilib.

İbrahimoğlu hesab edir ki, azanın yüksək səslə çölə verilməsinə qoyulan qadağa yaxın zamanda aradan qaldırılacaq. Məsələyə aydınlıq gətirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin bu gün bəyanat verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti