Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Konstitusiya Məhkəməsi "Konstitusiya, şəxsiyyət və hüquqi dövlət" mövzusunda hüquq olimpiadası keçirir. Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib. Olimpiadanın məqsədi gənclərin hüquqi bilik səviyyəsinin öyrənilməsindən və artırılmasından ibarətdir. Hüquq olimpiadası, həmçinin gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsinə, onların Konstitusiyada təsbit edilmiş əsas müddəalar, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsinə aid maddələr barədə məlumatlandırılmasına, Konstitusiya nəzarətinin mahiyyəti, prinsipləri, ölkəmizin qanunvericilik aktları haqqında biliklərinin artırılmasına, dövlət quruculuğu prosesində gənclərin iştirakının fəallaşdırılmasına şərait yaradacaq.
İyunun 12-də məhkəmədə olimpiadanın məqsəd və vəzifələri, məzmunu, təşkili qaydalarına həsr olunmuş I tur keçirilib. Olimpiadada iştirak edəcək 5 ali və 10 orta məktəb komandalarını maraqlandıran ilkin suallara ətraflı izahlar verilib, təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb, onlara hazırlaşmaq üçün 2 aylıq vaxt verilib və lazımi hüquqi ədəbiyyatlar təqdim olunub. İki turda keçiriləcək olimpiadanın qaliblərini Konstitusiya Məhkəməsi hakimlərinin də daxil olduğu 5 nəfərlik münsiflər heyəti müəyyən edəcək. Qaliblər 12 noyabr Konstitusiya Günündə mükafatlandırılacaqlar.