...

Balaban səsini eşidən kimi, dərhal yadımıza Əlixan düşür

Cəmiyyət Materials 16 İyun 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ Azərbaycanda, Rusiyada, Türkiyədə onun musiqisi hamını cəlb edir. O, 1964-cü ildə Sumqayıtda anadan olub, son 18 ili Türkiyədə yaşayıb və disklərini ABŞ-da yazdırır. Bu gün bizim qonağımız həmişə eşidib üzünü görmədiyimiz Əlixan Səmədovdur.

- Bir az özünüz haqda danışardınız...

- Mən Sumqayıtda anadan olmuşam və orda da məktəbi bitirmişəm. Sonra isə musiqi məktəbində qarmonda, klarnetdə, qaboyda ifa etməyi öyrənmişəm.

- Bəs necə oldu ki, balabanı seçdiniz?

- Mən çıxış etdiyim mahnı ansamblında ancaq balaban vardı. Mən məhz həmin alətdə ifa etdim və çox xoşuma gəldi. Sonra ona bərk bağlandım. Maraqlısı o idi ki, türklər məni düzgün seçim etməməkdə günahlandırdılar. İş ondadır ki, Türkiyədə balabanı onlara göstərəndə, onlar ümumiyyətlə balabanın nə olduğunu bilmirdilər. İfa etməyə başlayandan sonra dedilər ki, "Bu ki, düdüydür!". Ermənilər həmişə onların beyninə yeridirdilər ki, balaban erməni düdüyüdür. Mən onlara sübut etdim ki, balaban bizim alətdir.

- Sizə onu da deyim ki, bu sizdə heç də pis alınmadı. Bəs Türkiyəyə necə getdiniz?

- Birinci dəfə mən Türkiyəyə mahnı ansamblı ilə getmişdim. Mənim üçün bura o qədər rahat idi ki, qərara aldım bura köçüm, həm işləyim, həm də yaşayım. O vaxtdan mən İstanbulda həm işləyir, həm də yaşayıram. Mənim indi iki vətənim var: Azərbaycan və Türkiyə.

- Azərbaycanda musiqiçilər, xüsusilə musiqi alətlərində ifa edənlər çörək pulunu toylardan qazanırlar. Bəs Türkiyədə necədir?

- Türkiyədə mən konsertlərdən pul qazanıram. Həm də mənim orada musiqi şirkətim var. Bundan başqa, mən disklərin satışından da qonararlar alıram. Mənim diskim yazılmamışdan əvvəl hansısa firma ilə müqavilə bağlayıram, onlar diskin buraxılması ilə məşğul olurlar və buna görə mənə pul verirlər.

- Əgər səhv etmirəmsə sizin musiqinizi erməni ifaçıları oğurlayırlar. Tək onlar yox. Siz onlarla necə mübarizə aparırsınız?

- Mənim işim bizim balabanı, musiqilərimizi bütün dünyada tanıtmaq, təbliğ etməkdir. Onlarla mübarizə aparmaq isə siz jurnalistlərin vəzifəsidir (gülür). Əlbəttə, söhbət əgər böyük miqyasdan gedəndə, məsələn, "Eurovision 2004" kimi müsabiqədə serb musiqiçilər mənim musiqimi oğurlamışdılar və öz adlarına çıxmışdılar. Onda bu, böyük səs-küyə səbəb olmuşdu. Serblər mükafatlandırılan yerlərdən birini tutanda, mənə dünyanın hər yerindən təbriklər gəlirdi. Həmn musiqiçilər özlərini gülünc vəziyyətə qoydular.

- Siz deyirsiz ki, piratlarla biz jurnalistlər mübarizə aparmalıyıq. Axı sizin ifa etdiyiniz mahnını media sizdən yaxşı bilə bilməz. Siz bizə deməlisiniz oğurluq harda olub, biz də bu işi necə lazımınca araşdırarıq.

- (Əsəbi halda) Nə deyim? Bax, bu yaxınlarda Moskvadan mənə zəng vurub dedilər ki, mənim diskimi melodiyalarımla birlikdə ermənilər özəlləşdirib. Diskin üzlüyünü dəyişib Əlixan Səmədov adının əvəzinə "Erməni qızıl düdüyü" yazıblar. Zəng vuranlardan soruşdum ki, bununla bağlı nəsə etmisiniz? Mənə cavabları bu oldu ki, biz nə edə bilərik? Bu hələ hamısı deyil. İnternetdə mənim adım tanınmış erməni musiqiçisi kimi gedir. Mən hələ bundan danışmıram.

- Yeri gəlmişkən, Rusiya erməniləri sizə qulaq asmağı çox sevirlər. Moskva, Samara, Saratov, Volqoqrad erməniləri həmişə sizin disklərinizi tələb edirlər.

- Bu yaxşıdır. Həm onlar, həm də uşaqları Azərbaycan musiqilərinə qulaq asırlarsa, deməli bizim mahnılar təbliğ olunur.

- Siz necə fikirləşirsiniz, Azərbaycanda yaşasaydınız belə nailiyyətlər əldə edərdiniz?

- Əlbəttə yox. Siz özünüz də gözəl bilirsiniz ki, burada yaxşı arxan, pulun və sponsorun olmasa, nə qədər sənətin olsa belə irəli gedə bilməyəcəksən. Ona görə də ən yaxşı variant xaricdə yaşayıb-yaradasan. Heç kim də sənə "badalaq" verməyəcək.

- Siz bizim ifaçı korifeylərimiz, məsələn, Aftandil İsrafilov, Ramiz Quliyev, Natiq Nuriyev, nə qədər gec deyil Habil Əliyevlə bir araya gəlib, ansambl yaratmaq və birgə bir neçə mahnı ifa etmək fikrinə necə baxırsınız? Bunu heç kim etməyib, edənlərə isə mane olublar.

- (Fikrə gedib) Çox yaxşı ideyadır. Mən əlimdən gələn hər şeyi edəcəm ki, bu plan reallaşsın.

- Onda bizi məlumatlandırarsınız. Biz də bilərik ki, siz sözünüzün üstündə durdunuz.

- Mütləq sizi məlumatlandıracam. İdeya verdiyiniz üçün təşəkkür edirəm!

Xəbər lenti

Xəbər lenti