Azərbaycan Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli ilə Trend in müsahibəsindən parça
- Son aylarda audivizual informasiyanın internet vasitəsilə yayımlanması məsələsi aktualdır. Yaxın zamanlarda bu məsələ ilə bağlı xüsusi yığıncağın keçirilməsi planlaşdırılıb. Bu görüşün gündəliyində hansı məsələlər duracaq?
- Bu çox ciddi, mübahisəli və çətin məsələdir. Teleyayımın bir neçə üsulu var: kabel, peyk, internet şəbəkəsi və s. Hazırda bizim telekanallarımız internet vasitəsilə də yayımlanır. Xüsusi video-materiallar isə kütləvi informasiya vasitəsi hesab olunmur.
Biz internetdə lisenziyasız 24 saat bu cür materialları nümayiş etdirən televiziyanın yayımlanmasına imkan verməyəcəyik.
Əgər bu, televiziya və ya radiodursa, o zaman teleradioyayım qaydalarına uyğun olaraq yayımlanmalıdır. Əgər bu hər hansı bir videomaterialdırsa, biz buna müdaxilə etməyəcəyik.
- Kiminsə internet vasitəsilə teleproqram yaymaq istəyi ilə bağlı konkret hallar olubmu?
- Hərdən arzu edənlər olur. Xüsusilə seçki dövründə bəzi partiyalar bunu etməyə cəhd edir.
Biz yaxın zamanlarda Rabitə Nazirliyi ilə geniş bir toplantı keçirərək bu məsələni müzakirə etmək istəyirik. Bu barədə mənim ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə də söhbətim olub. O məni inandırmağa çalışırdı ki, bu sahədə heç bir nəzarət olmamalıdır. Amma mən elə onların öz təcrübəsinə əsasən ona sübut etdim ki, istənilən halda bu sahəyə nəzarət olunur. Tənzimləyici bir orqan olmalıdır.
Bir tərəfdən isə bu ictimaiyyəti narahat edir. Ona görə ki, insanlar, xüsusilə uşaqlar və yeniyetmər internetin böyük təsiri altındadırlar. Digər tərəfdən, əgər biz buna nəzarət etməsək, böyük problemlər meydana çıxacaq. İnternet insanlar üçün böyük texniki tərəqqidir. Amma bu, həm də bizim əleyhimizə yönəlmiş silahdır.
- Hər hansı yeni bir orqanın yaradılması mümkündürmü?
- Əgər bu televizya və radio ilə bağlıdırsa, bizim orqanımz artıq mövcuddur. Ancaq söhbət İnternetdəki hər hansı bir tənzimləmədən gedirsə, biz bunun tərəfdarıyıq. Bu kiminsə yazışmalarına nəzarət olunması demək deyil. Bu, pornoqrafik yayımlar, sənədli filmlər, kiminsə şəxsi həyatına müdaxilə ilə bağlıdır. Müəyyənləşdirmək lazımdır ki, əgər hər hansı bir saytın sahibi oxucuların sayını 600-ə çatdırbsa, o, KİV hesab olunur, ya yox. Əgər bu KİV-dəki məlumat yalan və böhtandırsa, o, cinayət məsuliyyətinə cəlb olunmalıdırmı?
Mən bəzi ölkələrdə tətbiq olunan senzura və ya məhdudiyyətlərin tərəfdarı deyiləm. Sadəcə, internet şəbəkəsindən normal istifadə üçün şərtlərin yaradılması lazımdır.