Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib. Çərşənbə axşamı keçirilən iclasda son illərdə baxılmış cinayət işləri üzrə Cinayət Məcəlləsinin 213-cü ( vergidən yayınma) maddəsinin tətbiqi təcrübəsinin ümumiləşdirməsinin nəticəsi müzakirə olunub.
Çıxış edənlər bildiriblər ki, iqtisadi fəaliyyət sahəsində dövlətə mühüm ziyan vuran vergi cinayətlərindən daha geniş yayılanı vergi ödəməkdən yayınmadır. Vergi cinayətləri cinayət qanunvericiliyində yeni tərkib olduğundan vergi ödəməkdən yayınma cinayətləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumuləşdirilməsi zərurəti yaranıb.
Ümumiləşdirmənin nəticələri göstərir ki, bu cinayətlər üzrə işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən düzgün əməl olunub. Bununla yanaşı, bəzi hallarda məhkəmələr tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar lazımi qaydada nəzərə alınmadan, cinayət nəticəsində vurulmuş külli miqdarda ziyan ödənilmədiyi halda belə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsi hallarına yol verilib. Bəzi hallarda qanunun tələbi pozularaq əsas cəza ilə yanaşı, əlavə cəzalar da şərti hesab edilib, qanunun tələbi pozularaq əlavə cəzaların növü dəqiq göstərilməyib, vurulmuş ziyanın bərpa olunmasına kifayət qədər səy göstərilməyib.
Plenum həmçinin bir neçə konkret cinayət və mülki işlərə də baxıb. Müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul olunub.