...

Azərpaşa Nemətov: "Gənc aktyorlar əyalət teatrlarında işləmək istəmir"

Cəmiyyət Materials 23 İyul 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /müx. "TrendLife" Günel Əhmədova/ Azərbaycanda mövcud teatrların sayı 27-yə yaxındır. Qeyd edək ki, bu teatrların bir qismi bölgələrin payına düşür. Teatr xadimləri etiraf edirlər ki, paytaxta nisbətən əyalətdəki teatrların fəaliyyəti ürəkaçan deyil. Maraqlıdır ki, gənc aktyorlar da əyalət teatrlarına getməkdən boyun qaçırırlar. Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov "TrendLife"ın müxbiri ilə söhbətində bu fikirlə razılaşdığını bildirdi. O qeyd etdi ki, paytaxt teatrlarından fərqli olaraq əyalətdəki teatrların problemləri daha çoxdur: "Çünki sovetlər dönəmində aktyor rayonlara işləməyə gedəndə onu yataqxanada yerlə təmin edirdilər. Müəyyən vaxt keçdikdən sonra isə ev verilirdi. Amma indi bu ənənə pozulub. Bu gün gənc aktyor rayona gedib öz maaşı ilə kirayədə qala bilməz". Mütəxəssislər qeyd edirlər ki, Bakıda təhsilini başa vuran tələbənin ilk arzusu paytaxt teatrlarının birində işləmək olur. Bu təbiidir. Lakin hər kəsin paytaxtda qalıb işlə təmin olunması da qeyri-mümkündür. Çünki paytaxta axın əyalət teatrlarının məhvi deməkdir. Mütəxəssislər eyni zamanda bildirirlər ki, gənclərin rayonlara üz tutması üçün burada lazımi şərait yaradılmalıdır. Nemətov deyir ki, paytaxt teatrları rayon teatrlarının aktyorlarından çox bəhrələnib. Teatr tarixinə nəzər salan İttifaq sədri vaxtı ilə bölgə teatrlarındakı uğurlu səhnə fəaliyyəti ilə seçilərək Bakıya dəvət olunan aktyorların kifayət qədər olduğunu bildirdi: "Məncə, Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatrların aktyorlarının da yaxşı yaşamaq haqqı var". Bir çox hallarda əyalət teatrlarının aktyorlarının diqqət və qayğıdan kənarda qaldığını dilə gətirən İttifaq sədri bununla yanaşı burada teatra maraq göstərənlərin kifayət qədər olduğunu deyir: "Bilirəm ki, bu gün Lənkəranda teatra böyük maraq göstərirlər. Şəki, Gəncə teatrları çox gözəldir. Əsas kadr məsələsidir. Kadr məsələsinin həlli üçün şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət göstərilməlidir". Sözügedən teatrlarda yaşanan başqa bir prblem isə burada çalışan aktyorların böyük əksəriyyətinin fəxri adlarla təltif edilməməsidir. Bu məsələdə Teatr Xadimləri İttifaqının roluna gəlincə, Nemətov bildirdi: "Fəxri adların verilməsi teatr rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzarətində olan məsələdir. Teatr Xadimləri İttifaqı olaraq bizim əsas məqsədimiz üzvlərimizin problemləri ilə məşğul olmaqdır. Bundan əlavə, biz ölkədə teatrın inkişafı naminə müxtəlif festivalların təşkili ilə də məşğul oluruq. Eləcə də digər ölkələrdə keçirilən festivallarla əlaqə yaradırıq".

Xəbər lenti

Xəbər lenti