...

Azərbaycan İçtimai Televiziyasının "Müxalifət" qəzetinə qarşı məhkəmə prosesi təxirə salınıb

Cəmiyyət Materials 7 Avqust 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Avqustun yeddisində saat 12.00-da Yasamal Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xanlar rayonu üzrə müxbiri Əminə Rəhimovanın "Müxalifət" qəzetinin hazırda həbsdə olan baş redaktoru Rövşən Kəbirli və adıçəkilən qəzetin şöbə müdiri, hazırda həbsdə olan Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə keçirilməsi planlaşdırılan məhkəmə prosesi qeyir-müəyyən vaxta təxirə salınıb. Bu barədə çərşənbə axşamı Bakıda Kəbirli və Ağazadənin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil qeyd edib ki, məhkəmə prosesinin təxirə salınması Yasamal Rayon Məhkəməsində aparılan təmir işi ilə bağlıdır: "Məhkəmədən bildirdilər ki, gələn həftə prosesin vaxtı dəqiqləşəcək".

İTV-nin Xanlar rayonu üzrə müxbiri Rəhimova "Müxalifət"çilərin Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə (böhtan) cəzalandırılmasını tələb edir. Bu maddə üzrə ittiham olunan şəxsləri bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. İTV-nin əməkdaşı, Kəbirli və Ağazadəyə qarşı mülki iddia da irəli sürüb və ona dəymiş maddi və mənvi ziyana görə 50 min manat təzminat ödənilməsini tələb edir.

Aprelin 18-də "Kriminal Aləm" qəzetində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən Xanlar rayonu ərazisində yerləşən "Şır-şır" restoranında əxlaqsızlıq yuvası aşkarlanıb" başlıqlı məlumat dərc olunub. Həmin məlumatda qeyd olunub ki, əxlaqsızlıq yuvasında yaxalananlar arasında Rəhimova da olub. Həmin məlumatı əvvəlcə Ağazadə aprelin 19-da özünün "Mühakimə" qəzetində, sonra isə aprelin 21-də Kəbirli "Müxalifət" qəzetində təkrar dərc edib.

Rəhimova iddia ərizəsində göstərib ki, Kəbirli və Ağazədə ona şər atıb, ona görə də cəzalandırılmalıdırlar. Müdafiə tərəfi isə bunu əsasız hesab edir.

Kəbirli və Ağazədə millət vəkili Cəlal Əliyevin iddiası əsasında (böhtan və təhqir) iki il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti